User avatar
By Ali Jafarov
#65043
Həcc Xütbəsi
Rəhman və Rəhim olan Allahın adı ilə.
Həmd, Aləmlərin Rəbbi olan Allaha məxsusdur.
Allahın səlat və salamı, Muhəmməd (s) və Onun itrəti olan
İmamlar və Mehdilərin (ə.s) üzərinə olsun.
Uca Allah buyurur,
[Beləliklə, Yusifə yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. İman gətirənlər və müttəqi olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.] (Yusif 56-57)
Ey möminlər! Hər şeyə müqtədir olan Allahdan qorxun, hər şeyə aciz olandan isə qorxmayın. Daha doğrusu, Subhan olan Allahın qüdrəti, gücü və iradəsindən başqa, heç bir şeyə qadir olmayanlardan qorxmayın. Sizlər bu həyatda səyyahlarsınız. Və hər bir səyyah, mütləq mənzil başına çatmalıdır. Çatdığınız yerin cəhənnəm olmaması üçün diqqətli olun. Və çatacağınız yerin cənnət ola bilməsi üçün səy edin. Ağlı olan hər bir şəxs, özünün təhlükəsizliyini təmin edəcək yolun axtarışında olmalıdır. Çünki, zaman qurtardıqdan və təchizat tamamlandıqdan sonra, peşmançılığın bir faydası olmayacaqdır.
Və siz, ey həqiqi möminlər; siz doğru yolda irəliləməkdə olduğunuzu və Subhan olan Allahın istədiyi və sizi məhz bunun üçün, sizin də bildiyiniz haqq üçün yaratdığı Haqq dini mənimsədiyinizi Əhməd Əl Həsəndən deyil, məhz Allahdan öyrəndikdən sonra; çalışın, çalışın, çalışın, ta ki nəfəsiniz kəsilənə qədər… Sizin qurtuluşunuz, məhz səy edib çalışmaqdadır. Çünki, bildiyi halda (öz bildiyinə) əməl etməyən şəxsdə bir xeyir olmaz. Amma həqiqətən, sizə haqqı deyirəm ki, İblis (l.ə) bilirdi, amma əməl etmirdi. Çünki o, əməlsiz alimlərdəndir. Heç nədən qorxmadan və heç nəyin fikrini etmədən, Allahdan öyrənib bildiyiniz ilə çalışın. (Bunun,) insanların gözündə nə qədər böyük göründüyünə baxmayın. Çünki onlar, dünyanı və maddiyyatı düşünüb, Allahı hesaba qatmazlar.
Sizə haqqı deyirəm, ürəyiniz rahat olsun ey möminlər! Rəhim olan Rəbbin salamı üzərinizə olsun. Allah Subhanəhu və Təala sizi xilas edəcək, çünki O, Kərim və Şəfqətlidir, hər dövrdə, seçilmiş mömin camaatını qoruyar. Və sizə haqqı deyirəm ki, şəfqətli bir ata, öz övladlarını və ev əhlini qoruyandır. Onda necə ola bilər ki, Subhan olan Rəbb, öz seçdiyi bəndələrini qorumasın?! Bəli, siz Allahı dəstəkləmək üçün seçildiniz və O (s.v.t), Öz Dininin dəstəklənməsi üçün məhz sizi seçib qəbul etdi. Çünki O, çox Kərimdir və çox cüzi bir şeyin müqabilində çox artığını verəndir. Ona görə də çalışın, çalışın və yenə çalışın. Çünki bu, Cənnətə sarı aparan bir yarışdır və mubarək olanlar, o qazananlardır ki, onların adları əbədi həyat dəftərində qeyd edilmişdir.
Mən hər dəfə və ta əvvəldən bəri deyirəm ki, hidayət Allahdandır, Əhməd Əl Həsəndən yox! Allah kimi hidayət edərsə, dağlar yıxılar amma o iman edən yıxılmaz, çünki o şəxs haqqı Haqdan istəmişdir və Allahı Allah ilə tanımışdır və Allah haqqı üçün, Allahın Xəlifəsinə tabe olmuşdur. İndi isə, Haqqı bildikdən sonra sizə deyirəm ki, Əhməd Əl Həsənin Ənsarı[1] olmayın. Çünki Əhməd Əl Həsən, aciz və fani bir quldur və heç bir şeyə qadir deyildir. Ona görə də siz, heç vaxt Ölməyən Dirinin (Həyyu la Yəmut), Hər Şeyə Qadir olanın Ənsarı olun. Allahın Ənsarı olun, çünki O, Kərimdir və hər kim Onu (s.v.t) dəstəkləyərsə, O (s.v.t) da Özünü ona həsr edər. İnsanlar deyir ki, biz filankəsin peşmankəsin Ənsarıyıq. Siz isə deyin ki, biz Allahın Ənsarıyıq.
Mən, miskin qul, görürəm ki, siz hamınız məndən daha yaxşısınız və yenə görürəm ki; Allahın sözlərinə inananlara və Allahın sözləri ilə əməl edənlərə xidmət edəcək qabiliyyətdə də deyiləm. O kəslər ki, şərrə, təzyiqə və Allahın Vəlisini inkar edənlərə qarşı səbrli oldular. Və mən, Allahın həqiqi Ənsarının ayaq basdığı bu torpaqla şərəfləndim və bərəkətləndirildim. Mən özümü və ailəmi, Allahın əlləri arasında hazır olan, naqis bir şey olaraq görürəm. Pula gəldikdə, onu qədir-qiymətli, qeydə alınacaq bir şey olaraq da görmürəm. Hətta onun üçün, Allahın əlləri arasında olan kiçik bir şey də deyə bilmərəm.
Mən ölümü gözlərdim və hələ də gecə-gündüz gözləyirəm. Çünki bunun (ölümün) içində, Allahın düşmənlərindən ayrılıb, Allaha sevgili olanlarla; Muhəmməd (s) və Əhlibeyti (ə.s), Nəbilər və Vəsilər (ə.s) ilə görüşmək var. SubhanAllah! Mən, ölümü, onu istəyənlərdən savayı heç kimdən qaçan görmədim. Və ondan qaçanları da şiddətlə tələb etdiyini gördüm.
Mən, əvvəllərdə və elə günü bu gündə yalnızlığı və insanlardan uzaq durmağı sevirəm və Subhan olan Allahın dostluğu ilə xoşhal oluram. Allah Özü bilir ki, insanların arasında olmaq məni necə çətinliyə salardı, əgər mərufu əmr etmək və munkərdən çəkindirmək ya da onları aydınlandırıb Allaha yönəltmək və onlara Allahı xatırlatmaq, cənnəti müjdələmək və cəhənnəm ilə qorxutmaq olmasaydı…
Əslində, məni ən çox çətinə salan şey, mömin qardaşların arasında olmağımdır. Çünki mən onların arasında olanda, mənə məxsusi bir dəyər və məqam verirlər və buna layiq olduğumu düşünmürəm. Həmçinin onların mənə qarşı göstərdikləri bu xüsusi təqdirə görə, O (s.v.t) məni haqq-hesaba çəkər və günahkar sayar deyə, Allahdan son dərəcə çox qorxuram.
Və sizə haqqı deyirəm! Sizin mənə beyət etməyiniz üçün, lap əvvəldə mən ön ayaq olmadım (yəni sizə yalvarmadım). Xüsusilə də zalım Səddamın dövründə, Nəcəf-i Əşrəfdəki Elmi Hövzədən bir dəstə tələbə, İmam Mehdi (ə.s)’ın Elçisi olduğumu yuxu və kəşflər görüb möcüzələrə şahid olduqdan sonra, mənə beyət etməyi qərara aldılar. Sonra onlar, Nəcəfdəki Elmi Hövzənin digər tələbələrindən də mənə beyət etmələrini tələb etdilər. Təbii ki Allah bilir, onlar belə deyirlər. Və bu ilk beyət idi.
Sonra isə, Allahın əhdinə sadiq olan bir neçə nəfərdən savayı qalan hamısı beyətlərini sındırmağa başladı. Və bu beyət sındıranlar, yuxu və kəşflərin Cinlərdən olduğunu, möcüzələrin isə sehr olduğunu deməyə başladılar. Sadiqul-Əmin (dürüst və etibarlı) deyərdilər, sonra sehrbaz və yalançı deməyə başladılar. Evimə qayıtdım və gündüz və gecənin sükutu içində qalıb, Həbibim olan Allahın dostluğunun feyzinə müşərrəf olub, Onun (s.v.t) qəzavü-qədərinə razı olub, səbrli halda, Allahın yaxşılığı mükafatsız qoymayacağına qane oldum.
Zalım hökmdarın (Səddamın) devrilməsindən sonra – Allah istədi ki, o Allahın əhdinə sadiq olanlar, mənim istiqamətləndirməyim və istəyim olmadan – insanları yenidən İlahi Dəvətə çağırmağa başladılar. Hətta onlarla heç o vaxtlar görüşməmiş-dim də. Sonra mənim yanıma gəldilər və beyətlərini yenilədilər və məni evdən bayıra çıxartdılar. Bu da ikinci beyət idi. Dəvət genişləndi və yayıldı. İnanların sayı artdı.
Sonra Heydər Mişattat və camaatı üz döndərdilər. Beləliklə, bir neçə sadiq olanları çıxmaq şərti ilə, heç kim (beyət) andında sadiq qalmadı. Və mən yenə əziz uca Allahın dostluğundan həzz ala bilmək və Onun kərim məşəqqətinə səbr edə bilmək üçün evimə qayıtdım. Və heç kəsi mənə beyət etsinlər deyə çağırmadım. Amma Allah istədi ki; Onun (s.v.t), Muhəmmədin (ə.s) Əhlibeytinə (ə.s) olan sədaqətləri ilə arındırdığı və dünyanı yaratmamışdan əvvəl Al-i Muhəmməddən (ə.s) olan Qaimi dəstəkləmək üçün seçdiyi şəxslər; mənim yanıma gəlib beyətlərini yeniləyərlər. Bu da, iki dəfə başımdan zərbə aldıqdan sonra olan üçüncü beyət idi.
Həmd olsun Allaha ki, məni Zulqərneynə[2] bənzər yaratmışdır və məni Əmirəl Möminin Əliyə (ə.s) bənzər yaratmışdır. Və həmd olsun Allaha ki, məni İmaməti tələb edən qılmamışdır, əksinə İmaməti məni tələb edən qılmışdır.
Həmd olsun Allaha ki mənə bu dünyanı arzu etdirərək alçaltmamış, əksinə dünyanı, məni istəyən qılmışdır.
Vallahi mən hökmdarlıq, sultanlıq, məqam, dərəcə və ya Subhan olan Allahın əmri və İmam Mehdinin (ə.s) əmri olmadan, insanların mənə itaət etmələrini və əmrimə boyun əymələrini istəmədim. Və əslində məni dəstəkləyən bir şəxsin mövcudiyyəti mənim üzərimə höccət olmasaydı, Xilafət ipini onun (xilafətin) öz çiyinlərinə atardım. Vallahi mənə görə bu dünya, eynilə Allahın göstərdiyi və atam Əli ibn Əbu Talibin (ə.s) vəsf etdiyi kimidir:
“Cüzzam xəstəliyinə mübtəla olmuş bir şəxsin əlindəki donuz təri kimi…”
Xoş halınıza ey möminlər, ey Allahın Hakimiyyətini, Onun Mülkünü və Onun Seçimini qəbul edənlər!
Xoş halınıza ey möminlər, ey Allahın Hakimiyyətini, Onun Mülkünü və Onun Seçimini qəbul edənlər!
Halbuki, zəlalət alimləri və onlara tabe olanlardan, Allahın dinini rədd etmiş və Allahın Hakimiyyətini və İlahi Seçimi rədd etmiş şəxslərə deyirəm: “Əlinizdən nə gəlirsə edin. Şübhəsiz ki, siz istəyərək ya da istəmədən, Varisin önünü açır, yolunu inşa edirsiniz. Həm bu dünyanı, həm də axirəti əldən verəcəksiniz ki, bu da əsl itkidir. Budur, buradasınız, günbəgün bu dünyada ziyanı dadırsınız. Və sizin yalan hesab və proqnozlarınız, hər şeyi hesaba qatıb, Allahı isə bunun xaricində tutduğunuz kimi, baş verəcək. Halbuki O (s.v.t) sizin tərəzi və təxminlərinizdə necə də əhəmiyyətsiz idi!”
[“Allahı layiqincə qiymətləndirmədilər.”] (Ənam 91)
Və bu əməlsiz din alimlərini təqib edənlər, artıq anlamağa başladılar ki, o alimləri onları, bitki örtüyünün ya da suyun yaxud da işığın olmadığı tənha və qaranlıq bir vadidə tərk ediblər, qaranlıqda əvvəlcədən məlum olan ölüm kimi. Və o əməlsiz alimlər dedikləri və etdikləri şeyləri inkar etməyə başladılar. Xain çoban, öz qoyunlarını canavarların parçalaması üçün tərk edər.
Və mən onların tərəfdarlarına deyirəm: “Onları tərk edin. İztirab dolu və ağır olan haqqı izləyin. Çünki qurtuluşunuz bundadır. Məgər görmürsünüz ki, onlar sizi canavarlara yem eləmək üçün tərk etdilər?”
Orada, bu dünyada və axirətdə qəti olan ölümdən özünü xilas etmək istəyən, ağlı başında bir kəs varmı? Allahdan qorxun. Cəhənnəmdə, ruh ilə vücudu birlikdə həlak edəcək Kəsdən (s.v.t) qorxun.
Ey insanlar, bu əməlsiz alimlər sizi aldatdı və onlar batili haqqa bənzədərək sizi sehrlədi. Çünki şübhə, haqqa oxşadığı üçün “şübhə” deyə adlandırılmışdır.
Əmirəl Möminin Əli (ə.s) buyurmuşdur:
“Şübhə, haqqa bənzədiyi üçün şübhə deyə adlandırılmışdır. Halbuki, Allah dostlarının şübhələrdəki aydınlığı, Yəqinləridir. Yolları hidayət yoludur. Allah düşmənlərinin dəvət etdiyi şey isə zəlalətdir. Dəlilləri də korluqdur.”
Onlar sizi kiçik şuraya[3] çağırdılar və Allahın hökmlərini dəyişdirdilər, eynilə Səqifə əhlinin Böyük Şurada etdiyi kimi. Çünki, dünən o şəxslər bunu Mədinə şəhərində Əli ibn Əbu Talibə (ə.s) qarşı etdilər və bugün Məhdəvi Dövlətin paytaxtı olan İraqda, İmam Mehdiyə (ə.s) qarşı etməkdədirlər.
Huzeyfə ibn Yəman və Cabir ibn Abdullah Ənsari, Rəsulullahın (s) bu cür buyurduğunu nəql edir:
“Vay olsun məndən sonra, Böyük və Kiçik Şura edəcək ümmətimin halına!”
Sonra Rəsulullahdan (s) nə olacağı haqqında soruşdular və O Həzrət (ə.s) buyurdu:
“Böyük Şuranı, mən vəfat etdikdən sonra mənim şəhərimdə, xilafəti Əlidən qəsb etmək üçün və qızım Fatimənin haqqını qəsb etmək üçün quracaqlar. Kiçik Şura isə, Zəvrada (Bağdadda), böyük qeybət dövründə, sünnətimi və əmrlərimi dəyişdirmək üçün qurulacaq.”
Əmirəl Möminin Əli (ə.s) uzun bir xütbədən sonra buyurdu:
“Xilafət, Zəvraya (Bağdada) qayıdacaq və o, şura olacaq. O zaman Süfyani xüruc edəcək və doqquz ay hökm edəcək və millətə ən dəhşətli əzabla zülm edəcək.” Sonra İmam (ə.s) buyurdu: “Sonra bayrağı İsadan (ə.s) təslim alan hidayət edən və hidayət olunmuş Mehdi (ə.s) xüruc edəcək.”
Sizə səslənirəm ey insanlar! Özünüzü o azğın və digərlərini də azdıran əməlsiz alimlərin fitnələrindən xilas etməyiniz üçün (sizə səslənirəm)! Sizdən əvvəlki millətlərin halını düşünün. Heç əməlsiz alimlərin Nəbilərdən (ə.s) hansısa birini və ya Vəsilərdən (ə.s) hansısa birini dəstəklədiyini görmüsünüz? Ona görə də o əməlsiz alimləri təqib edərək və İmam Mehdi (ə.s)’ın Vəsisi ilə mübarizə apararaq, eynilə sizdən əvvəlki ümmətlərin, əməlsiz alimləri təqib edib, Vəsilər (ə.s) və Nəbilər (ə.s) ilə döyüşdüyü kimi, yenə eyni şeyi təkrar etməyin!
Özünüzə qarşı heç olmasa bircə dəfə adil olun və öz-özünüzdən soruşun: “İmam Mehdinin (ə.s) Vəsisini axırzaman alimlərindən soruşmazdan əvvəl, axırzaman alimlərini Rəsulullah (s) və İmamlardan (ə.s) heç soruşdunuzmu?” Əgər bir Nəbi və ya Vəsi göndərilərsə, alimlərin daimi mövqelərinin necə olacağını Quran’i Kərimdən soruşdunuzmu? İbrahim (ə.s) üçün alovu kimin qaladığını, İsanı (ə.s) kimlərin öldürmək istədiyini və Nuh, Hud, Saleh, Şüeyb, Musa, Yunis və digər bütün Nəbi və Vəsilər (ə.s) ilə kimlərin mübarizə apardığını, Quran’i Kərimdən soruşdunuzmu?
Əgər özünüzə qarşı adil olmasanız və bu sualı indi cavablamasanız, onda şübhəsiz ki sonra cəhənnəm atəşində bu cür cavablayacaqsınız:
[Onlar deyəcəklər: “Ey Rəbbimiz! Biz ağalarımıza və böyüklərimizə itaət etdik, onlar da bizi haqq yoldan azdırdılar.”] (Əhzab 67)
Və əgər Merac hədisində, Allah Təaladan soruşsanız, cavabı taparsınız. Rəsulullah (s) Meracda Allah Təala ilə söhbət edərkən, müəyyən bir yerə qədər gəldi və bu cür dedi:
“İlahi, bu (Qaimin qiyamı) nə vaxt olacaq?” Allah Əzzə və Cəllə belə vəhy etdi: “Elm qaldırıldığı və cəhalət ortaya çıxdığı, qarilər çoxaldığı, əməllər azaldığı, qətliamlar artdığı zaman, hidayətə götürən fəqihlər azaldığı, zəlalətə götürən xain fəqihlər çoxaldığı zaman.”
Rəsulullah (s) buyurdu:
“Ümmət üçün elə bir zaman gəlib çatacaq ki, Qurandan yazıları, İslamdan da adından savayı heç nə qalmayacaq. Onlar özlərinə müsəlman sayacaqlar amma İslamdan ən uzaq olan kəslər olacaqlar. Məscidləri bəzənmiş amma hidayətdən məhrum olacaq. O zamanın fəqihləri göyün qübbəsi altındakı ən şərli fəqihlər olacaq. Fitnə onlardan çıxacaq və özlərinə qayıdacaq.”
Sizə səslənirəm ey insanlar! Bu bütlərə sitayiş etməyi tərk edin. Çünki onlar, Allahın haram qıldığını halal, halal qıldığını da haram qıldılar, siz də onlara itaət etdiniz, ona görə də, Allahı tərk edib onlara ibadət etdiniz.
Əbu Bəsir İmam Sadiqdən (ə.s) nəql etmişdir:
İmamdan (ə.s) bu ayənin təfsirini soruşdum: [Onlar Allahı qoyub baş keşişlərini və rahiblərini rəblər qəbul etdilər] (Tövbə 31) İmam (ə.s) buyurdu: “Xeyr! Allaha and olsun ki, onlar insanları özlərinə ibadət etmək üçün çağırmadılar. Əgər belə etsəydilər heç kim onlara itaət etməzdi. Lakin, halalları haram, haramları da halal qıldılar, insanlar da fərqinə varmadan onlara ibadət etmiş oldular.”
Sizi, Allahın Hakimiyyətini qəbul etməyə və insanların hakimiyyətini rədd etməyə çağırıram. Sizi, Allaha itaət etməyə, şeytana və onun əmsalı olan əməlsiz alimlərə itaətdən boyun qaçırmağa çağırıram. Sizi, Allahdan qorxmağa, Onun Hakimiyyətini tanımağa və bundan başqa yerdə qalan hər bir şeyi – Amerikanın məcbur etdiyi siyasi həqiqətə etibar etmədən – rədd etməyə çağırıram. Sizi, arzularınıza xitab etsə də, batili rədd etməyə çağırıram. Bu dünya insanları, məqamca aşağı arzulara sahib olub, bunlardan məhrum olsa belə. Sizi haqqı qəbul etməyə və izləməyə çağırıram.
Haqqın acılığına doğru yol tutun. Çünki, xroniki xəstəliyin şəfası, acı olan məlhəmdədir. Sizi dost-tanışsız qoyacaq haqqa doğru yol tutun. Allahdan və axirətdən başqa heç nə istəməzkən və dünyanın bütün bər-bəzəyindən və qaranlığından uzaqda qalarkən, Haqqa və Nura doğru yol tutun.
Əbuzər Ğəffari (ə.s) dedi:
“Həbibim Rəsulullah (s) mənə dedi: “Haqqı de, ey Əbuzər!” Mən də haqqı dedim və haqq məni dostsuz qoydu.”
Və Qurani-Kərimdə oxuduğunuz kimi:
[De: “Ey mülkün sahibi olan Allahım! Sən istədiyin kəsə mülkü verir və istədiyindən də onu geri alırsan; istədiyin kimsəni yüksəldir və istədiyini də alçaldırsan. Xeyir (yalnız) Sənin əlindədir. Həqiqətən Sən, hər şeyə qadirsən.”] (Ali İmran 26)
Və Həccdə təlbiyə gətirdiyiniz kimi:
“Ləbbeyk Allahummə ləbbeyk! Ləbbeykə lə şərikə ləkə ləbbeyk! İnnəl həmdə vən-nimətə ləkə vəl mulk, lə şərikə lək.”
(Xidmətinə gəldim, ey Allahım! Xidmətinə gəldim. Sənin şərikin yoxdur, xidmətinə gəldim! Həmd və nemət Sənə məxsusdur. Mülk Sənindir, şərikin yoxdur!)
Bu ayə və bu təlbiyə ilə əməl edin. O zaman, seçkilərin, insanların deyil, məhz Allahın əlində olduğunuzu görəcəksiniz. Elə isə sizin dərdiniz nədir? Necə hökm edirsiniz?
Xidmətinə gəldim, ey Allahım! Xidmətinə gəldim. Əvvəl zamanda və axır zamanda Sənin (s.v.t) Mülkünə və Səltənətinə iman gətirməyənlərə baxmayaraq, Mülk Sənindir və şərikin yoxdur! Və o, Allahın (Xəlifə) Seçməsinə iman gətirməyənlər və onların tərəfdarları, bir gün gələcək, necə bir dönüşlə döndürüləcəklərini biləcəklər. Xeyirli aqibət, müttəqilərindir. Onlar, Allahdan qorxar, Allahın Təyin Etməsində heç bir bidəti qəbul etməz, Allaha, Onun (s.v.t) Səltənətində heç nəyi şərik qoşmazlar! Bu səbəbdən, bu təlbiyə, ona əməl etmədikləri halda, və ya Allahın (Xəlifə) Təyin Etməsini yaxud da Mülkünü tanımadıqları halda, onu Həccdə təkrarlayan şəxslər üçün bir utanc olacaq. Onlar mal-qara kimi nə dediklərinin fərqində belə deyillər. Əsasən, öz yollarında daha çox çaşqınlığa düşdülər, çünki nə dediklərini idrak etmək üçün yaradıldılar, lakin özlərini alçaltmaqda davam etdilər.
[Həcc-i Əkbər (ən böyük həcc) günü insanlara Allah və Onun Elçisi tərəfindən bir bildiriş: Allah və Rəsulu müşriklərdən bəridir. Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirli olar. Yox əgər üz döndərsəniz, bilin ki, siz, Allahdan yaxa qurtara bilməyəcəksiniz. Kafirləri üzücü bir əzabla müjdələ!] (Tövbə 3)
Və sizə haqqı deyirəm, ey möminlər, Yezid (l.ə) Hüseyni (ə.s) öldürə bilmədi, çünki Hüseyn (ə.s), Səqifədə və Böyük Şurada[4] inkar edilən Allahın Hakimiyyətini qəbul etdirmək məqsədilə qiyam etdi. Hüseyn (ə.s), Allahın Hakimiyyətini inşa etməkdə, Mülkün və Seçim hüququnun insanların əlində yox, məhz Allahın əlində olduğunu tanıtdırmaqda müvəffəq oldu.
Amma Hüseyn (ə.s)’ın, onun Əhlibeyti və Əshabının qanının meyvəsi, imanlı bir ümmət idi ki, millətin əl-qolunu bağlayan zalımların üzünə qarşı qiyam etdi. Və bu imanlı ümmət, Allahın Seçiminin[5] yerinə keçən kəsdən, min ildən də artıq müddətdir ki məmnun deyildi.
Lakin sonra, Hüseyn (ə.s) qurban edilmiş müqəddəs qanı ilə nəyi inşa etmişdisə, axırzamanın əməlsiz alimləri onu məhv etməyə gəldilər. Onlar, insanların hakimiyyətini (hakimiyyətunnası) qurmaq və Allahın Hakimiyyətini (Hakimiyyətullahı) rədd etmək üçün gəldilər. Və bu ucuz dünyəvi hesablarla, ümmətin dünyəvi mənfəətlərini öz nöqsanlı ağılları ilə ölçüb-biçməyə qadir olduqlarını zənn edərək və ümmətin axirət mənfəətlərini heç bir vəchlə hesaba qatmadan, Allahın dinini satdılar.
Və sizə haqqı deyirəm, ey möminlər! Onlar Hüseyni (ə.s) öldürə bilməyəcəklər, çünki Hüseyn (ə.s) və onun ilahi inqilabı, sizə görə davam etməkdədir ey möminlər. Onlara gəldikdə isə, onlar nə zaman Hüseynə (ə.s) ağlamaqda israr etsələr yaxud da Hüseyni (ə.s) ziyarət etsələr, Hüseyn (ə.s) onlara lənət oxuyar. Çünki onlar, Hüseynin (ə.s) bu zamandakı qatilləridir. Onlar, Hüseyn-i inqilabı və onun məqsədini yox etməyə səy göstərsələr də, uğursuzluğa düçar oldular. Və siz, öz təmiz əllərinizlə Hüseynin (ə.s) məşəlindən yapışdıqdan və onun mübarək hədəfini, yəni Allahın Yer üzündəki Hakimiyyətini öz təmiz qanınızla qorumağı qərara aldıqdan sonra, Şeytan utanmış halda geri döndü.
Əhməd Əl Həsən, Lə quvvətə illə billah’a (Allahdan başqa güc yoxdur) yəqini olan bir kəs xaricində başqa bir şeyi olmayan, zəif bir quldur. Və onun yəqini elə bir yəqindir ki, onunla dağları qarşına alsa, onları yox edər. Bilirəm ki onlar, Allahı tərk edib onlara qulluq edənlərdən topladıqları, külli miqdarda pula sahibdirlər. Bilirəm ki onlar, kütləvi informasi (media) vasitələrinə, onları şövq ilə mədh edən, reklam edən bir ölkəyə və gücə sahibdirlər ki, bu da Amerikadır. Amerika onları, onlar da Amerikanı razı salırlar. Bilirəm ki onlar, bu fiziki dünyada bir çox şeyə sahibdirlər, amma mən onlarla bu yəqinlə və Lə quvvətə illə billah ifadəsi ilə qarşı-qarşıya gələcəyəm. Və mən onlarla, Hüseynin (ə.s) onların ataları ilə qarşılaşdığı kimi qarşılaşacağam.
Və bütün dünya, bu yer üzündə yeni bir Kərbəla görəcək. Bir Kərbəla ki, Hüseyn (ə.s) və onun Əshabı iştirak edəcək, o kəslər ki az sayda idilər, Haqqa və Hakimiyyətullaha çağırır, insanların hakimiyyətini, Amerikan Demokratiyasını və Səqifənin əməlsiz alimlərini rədd edirlər. Bir Kərbəla ki, Hüseyn (ə.s)’ın ölüm əmrini verən əməlsiz alimlər olan; Şüreyh Qazi, Şimr ibn Zilcövşən və Şəbs ibn Rəbi orada iştirak edəcək. Bir Kərbəla ki, Yezid, İbn Ziyad, Sir Caun (Hüseyn ibn Numeyr) və arxasında Amerikanın durduğu Romalılar orada iştirak edəcək.
Və dünya, müqəddəs torpaqlarda, Məryəm oğlu İsanın (ə.s) yeni çağrısının möhtəşəm döyüşünü görəcək. Və bu, İsa (ə.s) və insanların inanclarına zərər vermələrindən qorxan, təzyiqə məruz qalmış bir neçə həvarisinin olduğu müqəddəs torpaqlarda olacaq. İsanı (ə.s) öldürməkdə təkid edən Musəvi alimlərin və onların bu təkidinə boyun əyən və İsanı (ə.s) öldürməyə çalışan Romalıların da olduğu müqəddəs torpaqlarda olacaq. İsa (ə.s) buyurur:
“Ey azğın alimlər! Allahın əmri, sizin diləyiniz və ya seçiminizə uyğun deyildir. Sizlər, ölüm üçün törəyir, xarab olmaq üçün qurub inşa edir və varislər üçün də yolu açırsınız!”
Bütün epik döyüşlər, burada oldu və bu torpaqlarda da olmağa davam edəcək. Bu, Rəbbin istəyidir. Elə isə siz də Rəbbin istəyinin həyata keçməsinə imkan verin. Vəliləri, nəbiləri və rəsulları üçün zəfər qazanacaq olan Odur:
[Bizim elçi kimi göndərdiyimiz qullarımız haqqında bu Sözümüz əzəldən deyilmişdi: “Həqiqətən, onlara kömək göstəriləcəkdir. Bizim əsgərlərimizin mütləq qələbəsi labüddür.”] (Saffat 171-173)
Muhəmmədin (s) Rəbbi, bu torpaqlarda, zalımlar üzərində qələbə qazanacaqdır. O (s.v.t), Hüseynin (ə.s) qatillərinin soyu üzərində qələbə qazanacaqdır. Çünki onlar, atalarının etdiklərinə qane oldular.
Sizdən kim inanmaq istəyirsə inansın. Təmiz olan daha da təmiz olsun və muqəddəs olan daha da muqəddəs olsun. Və kim inanmaq istəmirsə inanmasın. Daha çox zülmətə boğulub nəcis olsun. Əməlsiz alimlərinizə tabe olun! İbrahim (ə.s)’ın atəşini alovlandırmaq üçün odun yığın, Nuhu (ə.s) məsxərəyə qoyun, Əli (ə.s)’ın başı üçün zəhərli qılınc hazırlayın və Hüseynin (ə.s) bağrını yarmaq üçün atlarınızı yəhərləyin! Amma mən əsla uzlaşmayacağam, əsla razılığa gəlməyəcəyəm, əsla Osmana müxalif olmaqdan və onu xalqa ifşa etməkdən əl çəkməyəcəyəm!
Bəli, mənim hal-hazırda meydan oxumağım, cəddim Rəsulullahın (s) Qüreyş bütlərinə meydan oxumasından daha şiddətlidir. Çünki onlar, daşdan düzəldilmiş bütlər idi. Halbuki mənim hal-hazırda meydan oxuduğum bütlər, Allahın Elçisi Muhəmmədin (s) paltarını geyinən, Quranın Daşıyıcısını təqlid edən (özlərini ona bənzədən) və İmamların (ə.s) Naibləri olduqlarını iddia edənlərdir. Bunlar, elə bütlərdir ki, Nəbi və Elçilərə qarşı düşmənçilik toxumu daşıyırlar və onlar, Əlinin (ə.s) ordusunun dağılması üçün, Quranı nizələrin ucunda necə daşıyacaqlarını yaxşı bilirlər.
Lakin onlar, Allahdan başqa güc-qüvvət olmadığını anlamırlar. Əlhəmdulillah, mən tək deyiləm və mənimlə birgə, hamısına xidmət etməkdən şərəf duyduğum kiçik bir inanclı dəstə var. Onlar, haqqı öz qəlblərində daşıdılar və Allaha sarı irəlilədilər, nura sarı irəlilədilər və nur xaricində, içində bir zülmət qalmayana qədər də heç vaxt mütməin olmayacaqlar.
[Onlara Nuhun əhvalatını oxu. Bir zaman o, öz qövmünə demişdi: “Ey qövmüm! Əgər (aranızda) qalmağım və Allahın ayələrini xatırlatmağım sizə ağır gəlirsə, mən Allaha təvəkkül edirəm. (Allaha) qoşduğunuz şəriklərlə birləşib sözü bir yerə qoyun, sonra da işinizi aşkarda görün. Bundan sonra mənə qarşı bacardığınızı edin və mənə möhlət verməyin.”] (Yunus 71)
Qoy Rəbbinizin istəyi belə olsun. Hər zaman olduğu kimi; tağutların zəfər qazanıb elçiləri və möminləri öldürdükləri kimi… İlahi! Əgər bu Səni məmnun edəcəksə, onda məmnun olana qədər al; ya da ey Rəbbim, bu səfər, istəyinin dəyişməsinə izn ver ki, bütün dünya Lə qüvvətə illə billəh’ə yəqinindən başqa əlində heç bir şeyi olmayan və bununla zəfər qazanacaq olan və bu dünyanın daha əvvəllər heç vaxt görmədiyi ən pis tağutları məğlub edəcək olan, bir neçə məzlum insan görsün.
Bu əməlsiz alimlər deyəcəklər ki; əslində elə bəziləri çoxdan demişdir ki: “Əhməd Əl Həsəni öldürün! Çünki o, alimlər haqqında danışır.” Bəli, o alimlər haqqında danışır, çünki o, Allah Rəsulunun sünnətini öz əvvəlki halına qaytarmaq istəyir. Və hansı alimlərdir onlar? Onlar, haqqdan bir şeyə dəvət edənlərlə mübahisə edənlərdir. Elə isə, mən bugün onları kamil olan haqqa dəvət etdiyim halda, Nəbilər və Elçilərin tarixinə, İmamlar və Vəsilərin tarixinə, Muhəmməd (s) və Əlinin (ə.s) tarixinə, Hüseynin (ə.s) tarixinə, İmam Mehdinin (ə.s) tarixinə, İsanın (ə.s) tarixinə çağırarkən, bu necə olacaq? İsa (ə.s) deyib ki:
“Xidmətçim iki əlim, miniyim iki ayağım, yer üzü yatağım, daşlar da yastığımdır. İsinməyim qış vaxtı günəşin çıxması ilə, işığım isə gecə vaxtı ay ilə olar. Azuqəm aclıq, şüarım qorxu, libasım yun, meyvə-tərəvəzim isə, yabanı və mal-qara üçün bitən bitkilərdir. Yoxluq içində yatar, yoxluq içində də oyanaram. Buna baxmayaraq, yer üzündə məndən daha varlısı yoxdur.”
Mən, Allahdan gələn asanlıq və hazırlıq olmadan, Kamil və Mütləq Haqqa dəvət etməyə gəlmədim. Allah sizə o əməlsiz alimlərin həqiqətini göstərdi. O (s.v.t), haqdan bir şeyə doğru çağıran alimləri göndərdiyi zaman, əməlsiz alimlər onları öldürərək və qovaraq onlara zülm etdilər. Onların şəxsiyyətlərini yox etdilər, öldürmək və qovmaq üçün tağutların yollarını açdılar. Və onlar, gözünüzün qabağında idi. Seyyid Xomeyni, Seyyid Muhəmməd Baqir Sədr və Seyyid Muhəmməd Muhəmməd Sadiq Sədr.
Kor olan göz, haqqı görməyən ya da ona baxmayan gözdür. Nədir bu sizi içinə düşürdükləri tələ, ey insanlar?! Daima bir Nəbini, Vəsini ya da haqq yolunda əməl edən bir alimi öldürməyə sürüklənməyiniz və yalnış yola çəkən əməlsiz zəlalət əhli alimlərin cərgəsində yer almağınız hansı məntiqə sığar? Və sonra onlar onu ortadan qaldırdıqda, bağrınıza vurur, göz yaşı axıdır, mənfur və ikrah hissi oyadan o peşmançılığınızı sərgiləyirsiniz.
Sonra siz hər dəfə yenə eyni xətaya düşür, zəlalətə aparan əməlsiz alimləri izləyirsiniz. Eyni ilan hər dəfə sizi eyni yerdən sancır!
Oyanın Ey Yatanlar! Oyanın Ey Ölülər!
Mənim mövqeyimi və İsanın (ə.s) bildirdiyi əməlsiz alimlərin mövqeyini heç bilirsinizmi? Gəlin bu misalı elə İsanın (ə.s) dilindən eşidək:
“Üzüm bağına sahib olan bir şəxs var idi. Öz bağını bağbanlara icarəyə verib səfərə çıxdı. Bağ mövsümü çatanda, məhsuldan öz payını alması üçün köməkçilərini bağbanların yanına yolladı. Bağbanlar bağ sahibinin köməkçilərini tutub öldürdülər. Bu dəfə bağ sahibi, ‘Oğlumdan çəkinib, bağı və məhsulları ona təslim edərlər’ deyə düşünüb oğlunu bağbanların yanına göndərdi. Amma o bağbanlar, onun oğlunu gördükdə, bir-birilərinə ‘Bu, onun yeganə oğlu və varisidir. Gəlin onu öldürüb mirasına sahib çıxaq’ dedilər.”
O bağı ələ keçirənlər, əməlsiz alimlərdir. Bağın sahibi də İmam Mehdidir (ə.s). Onun (ə.s) göndərdiyi köməkçilər də, öldürülən və sürgünə məruz qalan əməl edən alimlərdir. Onun oğlu da, indi sizə səslənəndir:
Oyanın Ey Yatanlar! Oyanın Ey Ölülər! Oyanın!
[Dirilərlə ölülər də eyni deyillər. Şübhəsiz ki, Allah istədiyinə (haqqı) eşitdirir. Sən isə qəbirlərdə olanlara eşitdirə bilməzsən.] (Fatir 22)
Oyanın Ey Yatanlar! Oyanın Ey Ölülər!
Çünki bu əməlsiz alimlər, öz dünyaları naminə, Harun ər-Rəşidin dünyası naminə Musa ibn Cəfər-i Kazımı (ə.s) zindana ataraq öldürmək istəyirlər.
Oyanın Ey Yatanlar! Oyanın Ey Ölülər!
Onları təqib etməyin və onlarla birlikdə cəhənnəmin dərin quyularına düşməyin. Allaha tərəf dönün, çünki O (s.v.t) nə etdisə, İraqda və dünyada nə edirsə, yer üzündəki insanların buna qulaq verməsini istər ki, bəlkə haqqa hidayət olunalar.
Allah Təala buyurmuşdur:
[İnsanların öz əlləri ilə etdiyi əməllərinin nəticəsi olaraq quruda və dənizdə fəsad ortaya çıxdı ki, (Allah) onlara, etdiklərinin bir qismini (dünyada) daddırsın. Bəlkə onlar, (haqqa) qayıdalar.] (Rum 41)
Allah-Təala buyurmuşdur:
[Ən böyük əzabdan əvvəl Biz onlara mütləq kiçik əzabdan daddıracağıq ki, bəlkə (doğru yola) qayıtsınlar..] (Səcdə 21)
Allah-Təala buyurmuşdur:
[Bizim onlara göstərdiyimiz hər bir ayət (möcüzə), əvvəlkilərdən daha da üstün idi. Biz onları əzabla yaxaladıq ki, bəlkə, (doğru yola) qayıdalar.] (Zuxruf 48)
Allah-Təala buyurmuşdur:
[Biz sizin ətrafınızda olan şəhərləri məhv etdik. Biz ayələri onlara (müxtəlif cür) izah etdik ki, bəlkə (azğınlıqdan) əl çəkələr.] (Əhqaf 27)
Allaha tərəf dönün, Haqqa dönün, Allahın Kitabına və o Kitabın əhlinə tərəf dönün. Çünki haqqa dönüşünüz, bu dünya və axirət üçün, bu dünyanın və axirətin əzabından amanda qalmağınız üçün ən xeyirlisidir. Və qurtuluşunuz üçün bundan başqa seçiminiz yoxdur. Çünki bu, dəstəkçilərinin müzəffər olacağı, Allahın günüdür.
[O bunu öz nəsli arasında daimi qalacaq bir kəlmə etdi ki, bəlkə (doğru yola) qayıtsınlar.] (Zuxruf 28)
Əmirəl-Möminin Əli (ə.s) buyurdu:
“Məndən sonra elə bir dövr gələcək ki, o dövrdə haqqdan daha gizli və batildən daha aşikar bir şey olmayacaq. Allah və Rəsuluna yalan nisbət verməkdən daha çox yayılan bir şey olmayacaq. O dövrün camaatına, haqqı ilə oxunduğu vaxt, Qurandan daha rəğbətsiz və təhrif edilərək oxunduğu vaxt isə ondan daha rəğbətli bir şey olmayacaq.”
“Ölkələrdə (insanların nəzdində) mərufdən daha münkər və münkərdən daha məruf bir şey olmayacaq. Quranı yüklənənlər onu bir kənara atmış və hafizlər isə onu yaddan çıxarmış olacaq. O gün, Quran və onun əhli sanki iki sürgün edilmiş şey, bərabər səfərə çıxıb getmiş iki yoldaş kimi olar. Amma heç kim onlara nəzər etməz. O dövrdə Quran və onun Əhli, insanların arasında olar, lakin onlarla (əhli ilə) deyil, insanlarla bərabər olar… amma (əslində) birlikdə olmaz… Çünki bir araya gəlsələr də zəlalət hidayətə tabe olmaz! Bu xalq, ayrılıq üzrə birləşdi və birlikdən ayrıldı. Sanki kitab onların yox, onlar kitabın rəhbərləridir. Onların yanında Quranın ancaq adı var və onun sadəcə yazısını tanıyarlar. bundan əvvəl də salehlərə hər növ zülmü rəva görən onlar idi. Salehlərin Allaha olan sədaqətlərinə yalandır dedilər, yaxşılıqlarına isə pisliklə cavab verdilər.” [6]
Ey möminlər, bu günlər Həcc günləridir. Odur ki, Həcciniz mübarək olsun! Kəbəyə getsəniz də, evlərinizdə otursanız da, bərabər şəkildə Həcciniz mubarək olsun! Çünki evlərinizdə də olsanız, yenə də hacılarsınız, zira Allahın Evi, sizin qəlbinizdədir. Daha doğrusu, Allah Təala həcci insanlar üzərinə, beyətlərini ərz etsinlər və Al-i Muhəmmədin (ə.s) Qaimini dəstəkləsinlər deyə vacib etmişdir.
Bəs Ali-Muhəmmədin (ə.s) Qaimindən üz çevirənlər, beyətlərini və dəstəklərini kimə təqdim edəcəklər?
Sizə haqqı deyirəm, onlar ölüdürlər və əslində yaşamırlar. Və nə vaxt diriləcəklərini də bilməzlər. Cahiliyyət dövründəki insanlar da Həccə gedərdilər:
[Onların (müqəddəs) Evin yanındakı ibadətləri fit vermək və əl çalmaqdan başqa bir şey deyildir. Elə isə inkar etdiyinizə görə dadın əzabı!] (Ənfal 35)
Və bugünkilər elə dünənkilər kimidir:
[Şübhəsiz ki, zülm edənləri həmtaylarının qisməti kimi bir qismət gözləyir. Qoy onlar Məni tələsdirməsinlər!] (Zariyat 59)
Şübhəsiz ki Allah, əzabdan üz çevirənləri xəbərdar etmişdir. Və o xəbərdar edən şəxs də məsumdur:
[Əgər onlara gələcək əzabı müəyyən vaxtadək gecikdirsək: “Onu saxlayan nədir?” – deyəcəklər. Xəbəriniz olsun ki, (əzab) onlara gəldiyi gün onu heç nə onlardan dəf edə bilməyəcək və istehza etdikləri (o əzab) onları bürüyəcəkdir.] (Hud 8)
Həmd, sadəcə, sadəcə və sadəcə Allaha məxsusdur.
Allahım, həmd və minnətdarlıq olsun Sənə.
Allahım, mən Kitab və ya İman nədir bilməzdim, Sən öyrətdin.
Allahım, mən səhv yola yönəlmişdim, Sən hidayət etdin.
Allahım, mən yolumu itirmişdim, Sən yolu göstərdin.
Allahım, mən xəstə idim, Sən şəfa verdin.
Allahım, mən çılpaq idim, Sən geyindirdin.
Allahım, mən ac idim, Sən bəslədin.
Allahım, mən susuz idim, Sən su verdin.
Allahım, mən fəqir idim, Sən zəngin etdin.
Allahım, mən yetim idim, Sən sahib çıxdın.
Sənə şükr etməkdə taqətsiz qalıram.
Çünki Sənin bəxş etdiklərindən savayı mənə gələn bir xeyir yoxdur.
Səndən savayı heç kim şərri məndən dəf etmədi.
Elə isə, həmd olsun Sənə, bu Sənin vəchinin comərdliyi və cəmalının ehtişamıdır.
Allahım! Muhəmməd və Ali-Muhəmmədə salavat eylə və qəlbimin duyğularını sənin zikrin üçün aç ki, Sənin vəhyini başa düşüm və əmrinə tabe olum və nəhy etdiklərindən uzaq durum.
Allahım! Muhəmməd və Ali-Muhəmmədə salavat eylə və məndən üz döndərmə və məndən öz fəzlini əsirgəmə və məni öz əfvindən məhrum etmə. Məni, Sənin dostlarına dost, düşmənlərinə düşmən et.
Mənə, Səndən qorxmağı bəxş et, Sənə rəğbət bəsləməyi, əmrinə təslim olmağı, Kitabını təsdiq etməyi və Peyğəmbərinin (s) yolunu izləməyi ehsan et.
Allahım! Addımlarımı Səndən öyrənməyimdə məni sabit qıl, sükutumu təfəkkür, danışığımı zikr qıl. Və mənim böyük günahımı bağışla və məni haqq əhli olan Atalarıma (ə.s) qat. Əvvəldə də axırda da, zahirdə də batində də bütün həmdlər Sənə aiddir.
Allahım! Mənim salamımı, Sənin mənsur (dəstəklənmiş) və musəddəd (qorunmuş), haşir (cəm edən) və naşir (xəbərdar edən) olan Rəsulun Muhəmmədə (s) göndər.
Və mən, Səndən və ondan (s), Sənin Vəli’n və onun məzlum oğlu Muhəmməd ibn əl-Həsəndən (ə.s) olan risaləti təbliğ etməkdə yol verdiyim qüsurlar üçün üzr və məğfirət diləyirəm və Sənə tövbə edirəm. Ona və (onun) tahir atalarına salavat eylə.
Allahın salamı, rəhməti və bərəkəti, yer üzünün şərqində və qərbində olan mömin və möminələrin üzərinə olsun.
Əhməd əl Həsən (ə.s)
Hicri – Zilqədə, 1427
Miladi – Noyabr 2006
[1] Ənsar dəstəkçi deməkdir.
[2] Zülqərneynin hekayəsi, hədislərdə Əhlibeyt (ə.s) tərəfindən bəyan edilmişdir. Və ən önəmlisi isə, bu dövrdəki Zülqərneynin Qaim (ə.s) olması məsələsidir. Əmirəl-Möminin Əli (ə.s)’dan Zülqərneynin Peyğəmbər ya da Hökmdar olması haqqında soruşulan zaman, İmam (ə.s) buyurmuşdur: “Nə Peyğəmbər nə də Hökmdardır. Sadəcə Allahı sevən biridir. Beləliklə Allah da da onu sevmişdir. Və o, Allah üçün insanlara öyüd-nəsihətlər vermişdir. Beləliklə, Allah da insanlara onun üçün öyüdlər verdi və onu insanlara göndərdi. İnsanlar da onu tutub başının sağ tərəfindən vurdu. Beləcə, Allah dilədiyi qədər uzun bir müddət insanlardan qeybə çəkildi. Sonra yenə təzədən göndərildi və bu dəfə başının sol tərəfindən vuruldu. Beləcə, Allah dilədiyi qədər uzun bir müddət insanlardan qeybə çəkildi. Sonra üçüncü dəfə göndərildi. Beləcə, Allah onu yer üzündə qüvvətləndirdi. Və sizin aranızda onun kimisi var.” (Biharul-Ənvar, cild 12, səhifə 178)
[3] İmam (ə.s) seçkiləri nəzərdə tutur.
[4] Allahın Höccəti Əlinin (ə.s) yerinə insanların hakimiyyətinin bərqərar edildiyi və Əbu Bəkrin xilafətə oturduğu Böyük Şura.
[5] İmam Mehdi (ə.s) nəzərdə tutulur.
[6] Nəhcul Bəlağə, Xütbə 147
You do not have the required permissions to view the files attached to this post.
Y- Yamani et Yawmiates (Mémoires).

Salam, Le récipiendaire. Y-13. Il est aussi[…]

N- Nostradamus.

Salam, Au détriment des associateurs. N-7. […]

Q- Le Mahdi dans le Coran.

Salam, L’Astre perçant. Q-26. La lumière d[…]